AZEN
Ana SəhifəSAM haqqındaTədbirlərMətbuat otağıNəşrlərKitabxanaVakansiyalar

Tədbirlər

Bakıda “Caucasus İnternational” akademik jurnalının təqdimatı keçirilib
12 dekabr, 2011

9 dekabr 2011-ci il tarixində Cənubi Qafqaz regionunun ilk beynəlxalq səviyyəli “Caucasus International”(Cİ) akademik jurnalının və internet səhifəsinin təqdimat mərasimi keçirilmişdir.
             
Tədbirdə çıxış edən jurnalın redaktoru Mahir Zeynalov “Caucasus International”un Cənubi Qafqazda ilk beynəlxalq səviyyəli nəşr olduğunu bildirmişdir. O, qeyd etmişdir ki, cari ilin iyulun 15-də Türkiyədə Cənubi Qafqaz regionu ətrafında intellektual müzakirələri təşviq etmək və beynəlxalq arenada bu müzakirələri istiqamətləndirmək məqsədilə, müəllifləri xarici və region dövlətlərinin elm xadimləri və araşdırmaçıları olan “Caucasus International” jurnalının ilk sayı Strateji Araşdırmalar Mərkəzinin(SAM) dəstəyi ilə işıq üzü görmüşdür. Redaksiya heyətinə dünyanın beynəlxalq münasibətlər sahəsinin nüfuzlu simaları daxil olduğu jurnal Ankarada fəaliyyət göstərən Avrasiya Elm Adamları Dərnəyi tərəfindən rübdə bir dəfə, ingilis dilində nəşr olunur.

Daha sonra Strateji Araşdırmalar Mərkəzinin mətbuat katibi Anar Hüseynov jurnalın internet saytının təqdimatını keçirtdi. O, qeyd etdi ki, sayt iki domen zonasında yerləşir – “com” və “org”. Amma buna baxmayaraq “Caucasus İnternational” jurnalının internet səhifəsinə üç yolla daxil olmaq mümkündür:

www.Cİjournal.orgwww.caucasusinternational.orgwww.caucasusinternational.com

Resursunun Ana səhifəsində Cİ jurnalında çap olunmuş məqalələrin qısa xülasələri verilmişdir. Beləki, oxucular məqalənin məzmunu ilə qismən də olsa tanış olmaq üçün qeydiyyatdan keçə bilər. Dərgidə çap olunan məqalələrin bütövlükdə saytda verilməməsinin səbəbi onun satışının həyata keçirilməsidir.

Təqdimat mərasimində iştirak edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov Azərbaycanı beynəlxalq aləmdə təmsil edən ilk analitik jurnalın yaradılmasını çox önəmli bir hadisə kimi qiymətləndirdi. O qeyd etdi ki, bunun əhəmiyyətinin əsas cəhətlərdən biri də bu jurnalın Azərbaycan və Türkiyə analitik beyin mərkəzlərinin birgə əməkdaşlığı nəticəsində ərsəyə gətirilməsidir.

“Bu Azərbaycanda eksport məkanın genişlənməsini göstərir. ABŞ-da və dünyanın bir sıra ölkələrində satılacaq bu jurnal Azərbaycanın elmi beyninin bariz nümunəsidir. Müəlliflər arasında beynəlmiləl tərkibin olması da önəmli faktordur” – deyə E. Aslanov bildirmişdir.

Onun sözlərinə görə, jurnalın ərsəyə gəlməsində azərbaycanlılar, gürcülər, ruslar, həmçinin ABŞ, Avropa və Türkiyədən olan insanların böyük əməyi var.

“Bu bir tərəfdən beynəlxalq tolerantlığı göstərir, digər tərəfdən isə sübut edir ki, elm üçün sərhəd yoxdur. Bu jurnal düşünən beyinləri bir araya gətirir və ümumi problemlərin həllində birgə fəaliyyət göstərməyə sövq edir. Azərbaycan Qərblə Şərq arasında körpüdür. Eyni zamanda Avrasiyanın mərkəzidir. Getdikcə Azərbaycan Avrasiyanın intellektual mərkəzinə də çevrilir” – deyə Elnur Aslanov qeyd etmişdir.

“Caucasus International” akademik jurnalının təqdimat mərasimində çıxış edən millət vəkili Səməd Seyidov isə bu jurnalın beynəlxalq səviyyəli jurnal kimi çox əhəmiyyətli və tezliklə uğur qazanacağına inandığını bildirmişdir. O, qeyd etmişdir ki, dünyada gedən prosesləri təhlil etməklə Azərbaycan özünün intellektual səviyyəsini dünyaya çatdırmış olacaqdır. Onun fikrincə, jurnal dünyada Azərbaycan və Qafqaz regionu haqqında düzgün təsəvvürün yaradılmasına təkan verəcəkdir.

Tədbirdə çıxış edən Azərbaycan Diplomatik Akademiyasının prorektoru Fariz İsmayılzadə bildirmişdir ki, bu jurnal həm də Azərbaycanın beynəlxalq münasibətlər üzrə təhsil alan gənclərin köməkçi vəsaiti olacaq. Onun sözlərinə görə, Azərbaycanda xüsusən də bu sahədə yazarlar azdır və bu çatışmamazlıq ingilis dilində yazanlar arasındadır. O, bu jurnalın sayəsində yüksək səviyyəli yerli və xarici mütəxəssislərin məqalələri, şərhləri gənclərin təsəvvürünün formalaşmasına yardım edəcəyinə inandığını bildirmişdir.

Təqdimat mərasimində Milli Məclisin deputatları, vətəndaş cəmiyyətinin, elm-təhsil müəssisələrinin, aparıcı KİV-lərin və ölkədə fəaliyyət göstərən diplomatik korpusların nümayəndələri iştirak etmişdir. 

printerçap versiyası









Ünvan:
Azərbaycan, Bakı, AZ 1005, M. İbrahimov küçəsi 8.
T +99412 596 82 39, F +99412 437 34 58, E info@sam.gov.az
SAM
Azərbaycan Respublikasının Prezidenti
yanında Strateji Araşdırmalar Mərkəzi